

Lənkəran Dövlət Dram Teatrın Direktoru
İntiqam Cəfər oğlu Hacılı 24 fevral 1978-ci ildə Biləsuvar rayonunda anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində professor Aydın Dadaşovun kursunda təhsil alıb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr
Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasında iştirakçı olaraq QİTİS-in və Mədəniyyət Nazirliyinin sertifikatını alıb. 2002-2003-cü illərdə o, “Nəfəs” ədəbi qrupuna qoşulub. 2008-ci ildə “Maneken sevgilim” adlı şeirlər kitabı Azad Yazarlar Ocağının layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çap olunub.
2004-2007-ci illərdə Mədəniyyət Nazirliyinin “Kino+” qəzetinin əməkdaşı, sonradan direktoru olub. Teatr, kino və televiziya sahəsində tənqidi yazılarla çıxış edib. 2004-cü ildə “Kino+” qəzetində çalışarkən “Start” Tələbələrin Beynəlxalq Film Festivalını kinoplyusçularla birgə təşkil edib. 2012-ci ilə qədər festivalın təşkilat komitəsində olub. 2008-2010-cu illərdə Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin teatr və kino şəbəsində işləyib. 2011-ci ildə Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında 20 Yanvar hadisələrindən bəhs edən “Cənubda şimal küləyi” araşdırma sənədli filmini çəkib. 2012-ci ildə yaratdığı “Kino Atelyesi”ndə ölkədə ilk dəfə aktyorluq, ssenaristlik və rejissorluq kurslarının özəl formada təşkilinə olub. 2013-2014-cü illərdə Prezident Fondundan ayrılan maliyyə ilə ATV telekanalında yayımlanan serialın rejissoru, prodüseri və ssenaristi olub. Serial Sevinc Elsevərin “Şəhər” romanının motivləri əsasında 25 hissədən ibarət olub. Serial kino estetikası ilə fərqli mövzuda çəkilib. İntiqam Hacılı bu serialda aktyor kimi də özünü sınayıb. 2015-cü ildə “Gələcəyin yuxusu” adlı pyesini yazıb və quruluş verib. 2016-ci ildə hazırlanan “Kontrabasçı” (Almaniya-Azərbaycan Mədəniyyət Evi) və “Yasaq cəh-cəhlər” (İsveçrə Əməkdaşlıq Təşkilatının Qafqaz Ofisi) tamaşalarının prodüseri olub.